Tovuzda Aqrar Biznes Festivalı keçirilib

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Aqrar Biznes Festivalı Tovuz rayonunda baş tutub. Qazax-Tovuz iqtisadi rayonunu əhatə edən festivalda Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarından fermerlər və aqrar sahədə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Tədbirdə müxtəlif kənd təsərrüfatı məhsulları, texnika və innovativ həllər sərgilənib. Fermerlər müasir suvarma sistemləri, toxum və gübrələr, rəqəmsal kənd təsərrüfatı texnologiyaları və digər yeniliklərlə tanış olublar.

Festivalı açan Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov dövlətin kənd təsərrüfatına göstərdiyi dəstəkdən danışıb. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov fermerlərin müasir texnologiyalara çıxışını artırmağın vacibliyini vurğulayıb. Tədbirdə iştirak edən rəsmi şəxslər isə aqrar sektorda fermerlər üçün güzəştli kreditlər və maliyyə dəstəyi mexanizmləri barədə məlumat veriblər.

Festival çərçivəsində 150-dən çox fermer sahibkar öz məhsullarını nümayiş etdirib və satışını həyata keçirib. Festivalda iştirak edən 150 fermer sahibkardan 75-i Azərbaycan Kənd Qadınları Assosiasiyasının üzvləri olub. Assosiasiyanın sədri Gülbəniz Qənbərova tədbirdə spiker qismində çıxış edərək qadınların aqrar sektordakı rolunun gücləndirilməsinin və onların biznes imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. O, kənd qadınlarının aqrar sahədə sahibkarlıq fəaliyyətinə cəlb olunmasının həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətini qeyd edərək, onların istehsal və bazara çıxış imkanlarının artırılmasına yönəlmiş dəstək mexanizmlərindən danışıb.

Festivalda Kredit yarmarkası təşkil olunaraq maliyyə qurumları tərəfindən fermerlərə güzəştli kredit və aqrar sığorta imkanları izah edilib. Eyni zamanda, fermerlər üçün təlimlər keçirilib. Təlimlərdə qida məhsullarının uzunmüddətli saxlanması, maliyyə savadlılığının artırılması və digər mövzularda praktiki biliklər təqdim olunub.

Forumun “Kooperativlərin formalaşmasına və strateji inkişafına dəstək” mövzusuna həsr edilən ilk panel müzakirəsində kooperativlərin qurulması, idarə olunması və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Forumun ikinci hissəsində “Kooperativlərin inkişafı: təşəbbüslər və uğurlu təcrübələr” mövzusunda panel müzakirələrdə “Akasiya”, “Qərb yenilikləri”, “Çinar” kənd təsərrüfatı məhsullarının istehsal-istehlak kooperativləri və “Lənkəran natural products” istehsal kooperativinin təsisçiləri sahibkarlıq fəaliyyəti və aqrar sahədə kooperativlərin inkişafına dair öz təcrübələrini bölüşüblər.

Tədbir fermerlərin bilik və texnologiyalara çıxışını artırmaq, onların biznes imkanlarını genişləndirmək və kənd təsərrüfatı sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə təşkil olunub.


Paylaş: